Naxçıvan Muxtar Respublikasının (MR) Təhsil Nazirliyinin Ekoloji Tərbiyə Mərkəzinin, Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin birgə təşkilatçılığı ilə 22 may - Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunan elmi konfrans keçirilib.
AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda baş tutan tədbirdə müəssisənin direktoru, akademik Tariyel Talıbov biomüxtəlifliyin qeyd olunma tarixindən, ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra qəbul edilən sənədlər, təbiətin qorunması sahəsində atılan mühüm praktiki addımlar bioloji müxtəlifliyin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.
Naxçıvanda biomüxtəlifliyin qorunması istiqamətində aparılan məqsədyönlü tədbirlərdən də söz açan T.Talıbov vurğulayıb ki, muxtar respublikanın zəngin biomüxtəlifliyinin qorunması və bərpası istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün regionda əlverişli ekoloji mühit yaradılıb.
Alim rəhbərlik etdiyi qurumun apardığı tədqiqatlardan, muxtar respublikanın flora və fauna biomüxtəlifliyinə dair nəşr edilən fundamental elmi əsərlərdən bəhs edib. Qeyd olunub ki, regionun zəngin təbiətinin qorunması, öyrənilməsi və geniş miqyasda elmi tədqiqatlara cəlb edilməsi Bioresurslar İnstitutunun qarşısında duran mühüm vəzifələrdən biridir.
Konfransda, həmçinin Bioresurslar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Namiq Abbasovun “Naxçıvan Muxtar Respublikası florasında Paxlalıkimilər fəsiləsinin nadir növləri və onların qorunması”, kiçik elmi işçi Hüseyn Rəsulzadənin “Naxçıvan Muxtar Respublikası fauna biomüxtəlifliyinin su-bataqlıq quşları”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Şövqi Əliyevin “Naxçıvan Muxtar Respublikasında biomüxtəlifliyin mühafizəsi”, Naxçıvan Dövlət Universitetinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Fəridə Səfərovanın “Naxçıvan Muxtar Respublikası florasının zəhərli bitkiləri və onların tibdə rolu” və Ekoloji Tərbiyə Mərkəzinin dərnək rəhbəri Sevda Əliyevanın “Biomüxtəlifliyin qorunmasında ekoloji hərəkatın rolu” mövzusunda məruzələri dinlənilib.