Polşa Respublikasının Azərbaycandakı səfiri Rafal Poborski və birinci konsul Bartoş Muşyaloviç AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu ziyarət ediblər.
Görüşdə Azərbaycan-Polşa ədəbi əlaqələrinin inkişaf tarixi, görülmüş işlər və gələcək perspektivlər müzakirə olunub.
AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qonaqları salamlayaraq əvvəlcə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında ordumuzun əzəli torpağımız Qarabağı işğalçılardan azad etməsi, düşmənin isə bütün beynəlxalq konvensiyalara zidd olaraq mülki yaşayış yerlərini atəşə tutması barədə məlumat verib.
Azərbaycan-Polşa ədəbi əlaqələrinin inkişaf tarixinə toxunan akademik İsa Həbibbəyli bu istiqamətdə Ədəbiyyat İnstitutunda böyük işlər görüldüyünü səfirin diqqətinə çatdırıb. Qeyd edib ki, Azərbaycan və Polşa akademiyaları və eləcə də Ədəbiyyat institutları qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalayıblar. Hazırda Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsində Polşa ədəbiyyatı tədqiq olunur. Akademik İsa Həbibbəyli bu istiqamətdə şöbənin müdiri, professor Gülər Abdullabəyovanın, sos.f.d. Samir Səttarovun fəaliyyətini xüsusi vurğulayıb: “S.Səttarovun “Адам Мичкевич и Азербайджан” kitabı son illərdə ədəbi əlaqələrimizin uğurlu nişanəsidir. Ədəbiyyat İnstitutunun Polşanın Byalistok Universiteti ilə birgə “Horizon 2020” proqramının qalibi olması gələcək əlaqələr üçün böyük perspektivlər açır”.
Səfir Rafal Poborski dəvətə görə akademik İsa Həbibbəyliyə təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycanın mülki əhalisinin atəşə tutulması beynəlxalq qanunvericiliyə ziddir. Azərbaycan-Polşa ədəbi əlaqələrinə toxunan səfir bu əlaqələrin zəngin tarixinin olduğunu diqqətə çatdırıb. R.Poborski Azərbaycanla Polşanın “Horizon 2020” proqramının birgə qalibi olmasını mühüm hadisə kimi dəyərləndirib və səfirliyin lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.
Daha sonra çıxış edən professor Gülər Abdullabəyova Azərbaycan-Polşa ədəbi əlaqələrinin tarixinə dair maraqlı faktları görüş iştirakçılarının diqqətinə çatdırıb. O, institutda Stanislav Rimkeviçin görkəmli Azərbaycan şairi Məhəmməd Füzuli ilə bağlı tədqiqatının Azərbaycan dilinə tərcümə olunduğunu və tezliklə çap ediləcəyini söyləyib.