Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda dünyada baş verən iqlim dəyişmələrinin təsirindən respublikada qış dövründə havaların mülayimləşməsi ilə əlaqədar payız əkin mövsümünün davam etməsi, kütləvi yaşıllıqların və meşə massivlərinin salınması dövrlərinin dəqiqləşdirilməsi, ağac əkinlərinin torpaq-iqlim şəraitindən asılılığı ilə bağlı məsələlərə həsr edilmiş dəyirmi masa keçirilib.
Dəyirmi masada nazirliyi Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, nazirliyin şöbə müdiri, tabeli qurumların (Meşələrin inkişafı və Hidrometeorologiya xidmətlərinin) əməkdaşları, Azərbaycan Milli Elmlər Akademiyasını isə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Botanika və Mikrobiologiya institutlarının, Mərkəzi Nəbatat Bağının rəhbər və alimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan akademik İradə Hüseynova son illərdə AMEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasındakı elmi əlaqələrin ardıcıl inkişafından məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, Azərbaycanın “Qırmızı Kitab”ının 3-cü nəşri və Xəzər dənizi ilə bağlı müqavilələr bu istiqamətdə əhəmiyyətli addımlar olub. O qeyd edib ki, Qarabağ torpaqlarının erməni işğalçılarından azad edilməsi təşkilatların əməkdaşlığına, birgə fəaliyyətinə yeni stimul və güc verib: “Son bir il ərzində AMEA-dan olan mütəxəssislər nazirliyin əməkdaşları ilə birgə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun müfəssəl sahəvi planı çərçivəsində regionda mövcud vəziyyətin monitorinqi və regionun bərpası istiqamətində çox iş görüblər. Hazırda da Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş sorğu əsasında Oxçuçayın yatağında planlaşdırılan monitorinqlərin, aparılacaq tədqiqatların texniki tapşırıqları hazırlanaraq müvafiq şəkildə təqdim edilib, AMEA-nın Botanika, Zoologiya, Mikrobiologiya, Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşlarından ibarət işçi qrup yaradılıb və əraziyə ekspedisiyaların təşkili ilə bağlı işlər davam edir. Yenə də nazirlikdən daxil olmuş müraciət əsasında AMEA-nın əməkdaşları Bəsitçay Dövlət Qoruğunda bir neçə gün əvvəl keçirilmiş monitorinqlərdə iştirak ediblər. Bütün bunlar birgə çalışmağın, əməkdaşlığın nə dərəcədə səmərəli olmasının sübutudur”.
Akademik İradə Hüseynova birgə fəaliyyət üçün qarşıda duran daha bir məsələnin yaşıllıqların, meşə örtüyünün bərpası ilə bağlı olduğunu söyləyib: “Məlumdur ki, yaşıllıqların, o cümlədən qoruyucu zolaqların, yeni meşə massivlərinin salınması, çılpaqlaşmış meşə sahələrinin bərpası bütün respublikada olduqca aktualdır. Son illər bütün respublika üzrə, son bir ildə isə xüsusilə azad edilmiş ərazilərdə ağacəkmə kampaniyaları geniş vüsət alıb. Belə şəraitdə bu ağacəkmələrin elmi əsaslarla aparılması, alim və mütəxəssislərin tövsiyələrinin nəzərə alınması bir neçə səbəbdən, o cümlədən vaxta, işçi qüvvəsinə, sərf edilən vəsaitlərə qənaət edilməsi, az xərclə daha çox iş görülməsi baxımından olduqca vacibdir”.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə öz çıxışında akademik İradə Hüseynova ilə bütün qeyd edilən məsələlərdə həmrəy olduğunu bildirib. O, son dövrlərdə nazirliyin müvafiq istiqamətlərdə gördüyü əhəmiyyətli işlərdən danışıb, respublikada aparılan meşəbərpa tədbirləri barədə toplantı iştirakçılarını məlumatlandırıb, İDEA İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə ölkə üzrə 1 milyondan artıq ağac əkildiyinə diqqət çəkib. Firdovsi Əliyev respublikanın bütün regionlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə meşəsalma işlərinin daha da intensivləşdirilməsi planlarından danışıb, respublikada ipəkçiliyin inkişafını dəstəkləmək üçün fermerlərə 400 min tut toxmacarı paylandığını bildirib. Nazir müavini prosesləri davam etdirmək, meşəsalma işlərinin keyfiyyətini artırmaq, ağac və kol materiallarının harada, nə zaman, necə əkilməsini optimallaşdırmaq üçün alim sözünə ehtiyac olduğunu bildirib.
Sonra tədbirdə iştirak edən alim və mütəxəssislər müzakirə edilən mövzu ilə bağlı çıxışlar edib, geniş fikir mübadiləsi aparıblar.
Tədbirdə mövzu ilə əlaqədar hər iki tərəfin təmsilçilərindən ibarət işçi qrupun yaradılması və bu işçi qrupun ən qısa zamanda arayış və təkliflərlə çıxış etməsi barədə ümumi razılığa gəlinib.