AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Mərkəzi Nəbatat Bağının Elmi şuralarının birgə iclası keçirilib.
Yığıncaqda Mərkəzi Nəbatat Bağının 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq hesabatı təqdim etmək üçün sözü Mərkəzi Nəbatat Bağının icraçı direktoru, biologiya elmləri doktoru, dosent Həsən Babayevə verib.
Həsən Babayev məruzəsində cari ildə Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə Dövlət proqramlarının icrası ilə əlaqədar müəssisədə yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verərək, 2021-ci ildə AMEA-nın Mərkəzi Nəbatat Bağında elmi-tədqiqatların 1 problemin həlli üzrə 5 mövzunu əhatə edən 11 iş və 21 mərhələdə yerinə yetirildiyini bildirib. Hesabat ilində Bağın əməkdaşları tərəfindən ümumilikdə 38 elmi əsərin, o cümlədən 2 monoqrafiya, 1 kitab, 22 məqalə və 13 məruzə tezislərinin yerli və xarici elmi mətbuatda nəşr edildiyi, 7 məqalənin impakt faktorlu jurnallarda dərc edildiyi vurğulanıb. Bağın əməkdaşlarının həm respublikada, həm də xaricdə çoxsaylı onlayn tədbirlərdə iştirak etdiyi haqda məlumat diqqətə çatdırılıb.
Həsən Babayev qeyd edib ki, Batumi Nəbatat Bağı, Qazaxıstanın Manqışlaq Eksperimental Botanika Bağı və Mərkəzi Nəbatat Bağı arasında 5 il müddətində qarşılıqlı əməkdaşlıq çərçivəsində razılaşma memorandumu imzalanıb. Mərkəzi Nəbatat Bağının canlı bitki kolleksiyalarının zənginləşdirilməsi məqsədilə dünyanın bir sıra ölkələrinin nəbatat bağları ilə toxum mübadiləsi işləri həyata keçirilib. Bağın nəzdində fəaliyyət göstərən Şamaxı Dayaq Məntəqəsinin ərazisində müxtəlif növ dərman, efiryağlı, nektarlı və d. faydalı bitkilərin kolleksiyası yaradılıb.
İcraçı direktor aparılan elmi tədqiqat işlərinin nəticələrinin istehsalata tətbiqi məqsədilə Mərkəzi Nəbatat Bağında seleksiya və hibridləşdirmə üsulu ilə yetişdirilmiş “Professor Lütfi Zadə”, “Akademik Cəlal Əliyev”, “Leyla”, “Akademik Həsən Əliyev”, “Qara gilə”, “Abşeron simfoniyası” və “Şərqin səhəri” bağ qızılgülləri üçün patent və müəlliflik şəhadətnamələri alındığını iclas iştirakçılarının nəzərinə çatdırıb. Bundan əlavə, o, cari ildə Bağda AMEA-nın elmi-tədqiqat müəssisələri və Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin tələbələri ilə tədris-yaradıcılıq məşğələlərinin və maarifləndirici tədbirlərin keçirildiyini qeyd edib.
Həsən Babayev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığına əsasən Bağda genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparıldığını, cari ilin noyabr ayında akademik Ramiz Mehdiyevin Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq işləri ilə tanış olduğunu və bu işləri yüksək qiymətləndirərək öz tapşırıq və tövsiyələrini verdiyini vurğulayıb.
Sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər verilib.
Akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq Bağda inventarlaşdırmanın aparılması, məlumat bazasının yaradılması, kolleksiyaların bərpası və zənginləşdirilməsi, itməkdə olan növlərlə bağlı tədqiqatların gücləndirilməsi və s. məsələlər üzrə tapşırıq və tövsiyələrini bildirib. Yekunda müəssisənin fəaliyyəti müsbət qiymətləndirilərək illik hesabatın qəbul olunmasına dair qərar qəbul olunub.