Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər - Arif Həşimov, İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, Tofiq Nağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyev, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru Fərman Quliyev, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və aidiyyəti şəxslər iştirak ediblər.
Tədbirdə əvvəlcə akademik Ramiz Mehdiyev ölkə başçısının 11 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilən akademik Məmməd Salmanova mükafatını və AMEA-nın Fəxri fərmanını, həmçinin AMEA-nın müxbir üzvü Elmar Qasımova 60 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanını təqdim edib.
Sonra iclasda AMEA-nın Yer Elmləri Bölməsinin (YEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Hesabatı təqdim edən bölmənin Elmi şurasının sədrinin müavini, akademik Fəxrəddin Qədirov bildirib ki, ötən il “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”, “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” və “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasından irəli gələrək tədqiqatlar aparılıb və bir sıra mühüm nəticələr alınıb.
Qeyd edib ki, 2021-ci ildə bölmədə 14 problemi əhatə edən 48 mövzu, 53 elmi-tədqiqat işi, 21 mərhələ üzrə yerinə yetirilib, 14 iş isə başa çatdırılıb. Akademikin sözlərinə görə, Yer Elmləri Bölməsinin elmi müəssisələrində 12 mühüm nəticə, bölməyə daxil olmayan elmi tədqiqat, təhsil və sahə müəssisələrində isə 1 mühüm nəticə alınıb.
Məruzəçi vurğulayıb ki, hesabat ilində bölmə üzrə 217 məqalə (75-i xaricdə), 100 tezis (32-si xaricdə), 10 monoqrafiya, 9 kitab və 23 dərs vəsaiti çap edilib. Bölmə üzrə nəşr edilən 75 məqalədən 46-sı “Web of Science” bazasına daxil edilən impakt faktorlu jurnallarda işıq üzü görüb.
AMEA-nın Ümumi yığıncağının 27 may 2021-ci il tarixli qərarı ilə verilmiş tapşırıqların icrası barədə danışan akademik Fəxrəddin Qədirov hesabat ilində “Qarabağın təbii ehtiyatları atlası”nın hazırlanaraq çapa təqdim edildiyini, Qarabağ və Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından səmərəli istifadə, Azərbaycanda karbon dioksidin tutulması və istifadəsi, həmçinin qlobal iqlim dəyişikliklərinin ətraf mühitə təsiri və s. istiqamətlərdə araşdırmaların aparıldığını diqqətə çatdırıb. Həmçinin AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi, ABŞ-ın Missuri Universiteti və Ukrayna Elm və Texnologiya Mərkəzinin “Qafqaz kəsilişi” birgə layihəsi çərçivəsində görülən işlərdən danışıb.
Akademik Yer Elmləri Bölməsində aparılacaq prioritet elmi tədqiqatların müəyyənləşdirildiyini və AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə təsdiq edildiyini söyləyib.
Hesabat dinlənildikdən sonra çıxış ətrafında müzakirələr aparılıb.
Akademik Ramiz Mehdiyev bölmə əməkdaşlarının güclü potensiala malik olduğunu və hesabat ilində onlar tərəfindən mühüm tədqiqatların aparıldığını bildirib, müvafiq tapşırıqlarını verib.
Müzakirələrdən sonra Yer Elmləri Bölməsinin 2021-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.
İclasda müzakirəyə çıxarılan növbəti məsələ AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub. Mövzu ilə bağlı çıxış edən mərkəzin direktoru, aqrar elmlər doktoru Fərman Quliyev vurğulayıb ki, 2021-ci ildə LREM-də elmi tədqiqatlar 2 problem, 6 mövzu (3-ü fundamental və 3-ü tətbiqi) əsasında aparılıb, 4 mövzu və 4 iş başa çatdırılıb.
Alimin sözlərinə görə, mərkəz tərəfindən aparılan elmi-tədqiqat işləri Lənkəran-Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması və qorunub saxlanmasına, yeni sortlarının yaradılmasına, Lənkəran-Astara bölgəsinin floristik tərkibinin və yabanı bitki müxtəlifliyinin, xüsusən nadir bitkilərin bioekoloji və fitosenotik xüsusiyyətlərin öyrənilməsinə, regionun folklor, etnoqrafiya, arxeoloji və numizmatik abidələrinin aşkarlanması, sistemləşdirilməsi, əldə edilən arxefaktların elmi dövriyyəyə daxil edilməsi və kataloqlaşdırılmasına həsr olunub: “Çay bitkisi üzərində müasir klon seleksiyası üsulu ilə tədqiqat işləri aparılıb, 50-dən çox forma-klon müəyyənləşdirilərək, onların bir sıra morfoloji və bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsuldarlığı, keyfiyyət göstəriciləri nəzarət kimi götürülmüş “Azərbaycan-2” çay sortu ilə müqayisə edilərək hərtərəfli qiymətləndirilib. Müsbət göstəriciləri ilə seçilən “FAQ-22” və “FAQ-15” çay forma-klonları 2022-ci ildə Dövlət Sort Sınağına təqdim edilmək üçün hazırlanıb”.
O, həmçinin bir sıra sitrus bitkilərinin Lənkəran-Astara bölgəsinə introduksiya olunmuş və ya seleksiya yolu ilə yaradılmış sort-formalarının yerli şəraitə müvəffəqiyyətlə adaptasiya edildiyini, bu üsulla yaradılmış 1 yeni limon (Lənkəran meyeri) və 1 naringi sortunun (Karlik tezyetişən) Dövlət Sort Sınağında müvəffəqiyyətlə sınaqdan keçirilməkdə olduğunu deyib. Bundan əlavə, hesabat ilində quayava bitkisinin sort-nümunələrinin hərtərəfli öyrənilərək qiymətləndirildiyini, iki yeni “Qırmızı” və “Sarı” sortlarının seçilərək Dövlət Sort Sınağına təqdim olunduğunu diqqətə çatdırıb.
Eyni zamanda 2021-ci ildə Botanika İnstitutu ilə birgə Lənkəran rayonunun Qamışovka, Aşağı və Yuxarı Nügədi, Liman kəndləri ətrafında tədqiqatların aparıldığını, rayonun meşə ekosistemlərində 22 nadir növün qeydə alındığını, onlardan 4-nün ot, 1-nin kol, 1-nin lian, digərlərinin isə ağac növləri olduğunu söyləyib.
Məruzəçinin sözlərinə görə, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları ilə birgə Astara rayonunun ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı Sım kəndində bölgə üçün nadir hesab edilən yeni qayaüstü təsvirlər, Lerik rayonunun Mistan kəndi ərazisində isə Son tunc və erkən dəmir dövrünə aid olunması ehtimal edilən 5 yeni iri və orta ölçülü kurqan aşkarlanıb.
Daha sonra məruzə ətrafında müzakirələr aparılıb və mərkəzin 2021-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilərək müvafiq qərarlar verilib.
Təqdim olunmuş hesabatlar ətrafında AMEA Rəyasət Heyətinin üzvləri – akademiklər Arif Həşimov, İbrahim Quliyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev və Adil Qəribov çıxış edərək fikir və təkliflərini bildiriblər.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair AMEA-nın Tədbirlər planı təsdiqlənib, o cümlədən tarix elmləri doktoru Məmmədəli Hüseynovun 100 illik yubileyi haqqında qərar verilib.
İclasda AMEA Rəyasət Heyəti aparatının ştat strukturunda qismən dəyişiklik edilib. Rəyasət Heyətinin qərarı ilə Azadə Balayeva AMEA Rəyasət Heyətinin Mətbuat katibi vəzifəsinə təyin olunub.
Sonra iclasda çıxış edən AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov ölkə başçısının “2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” 1 fevral 2022-ci il tarixli Sərəncamını xatırladıb və AMEA-nın gənc alimlərindən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Lalə Axundovanın bu mükafata layiq görüldüyünü bildirib. Həmçinin 2 nəfər gənc alimin AR Gənclər və İdman Nazirliyinin, 2 nəfərin isə Yasamal rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının mükafatı ilə təltif olunduqlarını deyib.
AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov isə çıxışında Akademiyada koronavirusla mübarizə tədbirlərindən danışıb və müvaqif təkliflərini səsləndirib.
Sonda AMEA rəhbəri Akademiyanın İnnovasiya Fonduna elmi müəssisə və təşkilatlardan 2020-2021-ci illərdə daxil olan vəsait barədə arayışı təqdim edərək iclasa yekun vurub.