Arxiv
27 mart – Azərbaycanda Elm Günü münasibətilə AMEA Rəyasət Heyətinin təbriki
27.03.2022

Doğma Vətənimiz Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan əziz və hörmətli Azərbaycan alimləri!

Ölkəmizin çoxsaylı elm və təhsil müəssisələrində elmi, elmi-pedaqoji, elmi-təşkilati, elmi-texniki və elmi-innovativ fəaliyyət sahələrində çalışan çoxsaylı əməkdaşlar!

Respublikamızda fundamental və tətbiqi elmi tədqiqatların əsas mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyasının çoxsaylı kollektivi!

Sizi, Azərbaycan intellektual elitasının nümayəndələrini 27 mart – Elm Günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə həyatda səadət, cansağlığı, elmi, elmi-pedaqoji, elmi-təşkilati və innovativ fəaliyyətinizdə yeni-yeni nailiyyətlər və uğurlar arzulayırıq!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Elmlər Akademiyasının təsis edildiyi 27 mart tarixi respublikada elmi fəaliyyətlə məşğul olanların peşə bayramı – “Elm Günü” olaraq müəyyən edilmişdir. “Elm Günü”nün təsis edilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin elmə göstərdiyi müstəsna qayğının və alimə verdiyi yüksək dəyərin təzahürüdür.

Dünyanın bir sıra ölkələrində BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 10 noyabr tarixi Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günü kimi qeyd olunur. Bundan əlavə, ABŞ, Böyük Britaniya, İtaliya, Rusiya, Ukrayna, Hindistan, Qazaxıstan, İran və s. ölkələrdə də elmi inkişaf baxımından xüsusi əhəmiyyətə malik müxtəlif tarixlər milli elm günləri və həftələri kimi qeyd edilməkdədir.

Azərbaycanda “Elm Günü” olaraq 27 mart tarixinin müəyyən edilməsi Elmlər Akademiyasının son yüz ilə yaxın müddət ərzində xalqımızın sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisində oynadığı müstəsna rolla şərtlənir. 1945-ci ilin martında təsis edilən Elmlər Akademiyası Azərbaycan xalqının intellektual potensialının formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında xüsusi xidmətlər həyata keçirmişdir.

Ümummilli lider Heydər Əliyev Akademiyanı “Azərbaycan xalqının milli sərvəti” adlandırmışdır. Belə yüksək dəyər ona görədir ki, bu elm məbədindən yayılan mənəvi-intellektual enerji uzun onillər boyu bütövlükdə milli mədəniyyətimizi stimullaşdırmışdır. Müasir Azərbaycan mədəniyyətinin, milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin formalaşması, milli ziyalı elitasının yetişdirilməsi son onilliklərdə həm də məhz Akademiyanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. Xüsusən, ötən əsrin 70-80-ci illərində Azərbaycanda yaranan nüfuzlu elmi məktəblər yalnız keçmiş SSRİ miqyasında deyil, dünya miqyasında elmi proseslərin inkişafına təkan vermişdir.

Hazırda bir tərəfdən dünyanın yeni reallıqları ilə şərtlənən qlobal çağırışlara, digər tərəfdən Azərbaycanın tarixi Zəfərindən sonra bölgədə və ölkədə yaranmış yeni reallıqlara uyğun olaraq, Azərbaycan elmi, onun əsas aparıcı mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyası öz inkişafını davam etdirməkdədir.  İndi zaman Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr müəyyənləşdirmişdir. Akademiyanın yaxın perspektivdəki hədəfi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi və ölkənin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etməkdir. Azərbaycan dövlətinin elmə olan həssas və qayğıkeş münasibəti və elmi fəaliyyət sahəsində məqsədyönlü şəkildə həyata keçirilən islahatlar bu hədəfə doğru inamla addımlamağa tam əsas verir.

Əziz həmkarlarımız!

Biz inanır və ümid edirik ki, Azərbaycanın elmi potensialı bir tərəfdən dövlətin elmə diqqət və qayğısı, digər tərəfdən də özünün daxili intellektual səfərbərliyi sayəsində yeni dövrün tələbləri baxımından daha mütəşəkkil konsolidasiya olunacaq, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da yaxından iştirak edəcək, həm də dünya elminə öz layiqli töhfələrini verəcəkdir.

Bir daha Sizlərin hamınızı 27 mart – Elm Günü münasibətilə təbrik edir, hər birinizə yeni-yeni elmi uğurlar, nailiyyətlər arzulayırıq!