Arxiv
Botanika İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilib
31.03.2022

Bu gün AMEA Botanika İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib. Onlayn şəraitdə keçirilən tədbirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva tədbirdə çıxış edərək bildirib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirtdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Qeyd edilib ki, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Dövlət başçısı İlham Əliyevin diqqəti sayəsində 1918-ci il soyqırımı ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb, erməni millətçiləri tərəfindən törədilmiş cinayətlərə dair yeni faktlar üzə çıxıb, Quba şəhərində azərbaycanlıların kütləvi məzarlığı aşkar olunub.

Tədbirdə çıxış edən institutun icraçı direktoru, b.e.d. Şakir Qasımov, b.e.d. Eldar Novruzov, b.e.d., professor Aydın Əsgərov, b.ü.f.d. Xuraman Xəlilova,  b.e.d. Dilzarə Ağayeva, b.e.d. Naibə Mehdiyeva, b.ü.f.d. Ələddin Qədimov, b.ü.f.d. Rəşad Səlimov və digərləri öz çıxışlarında mart soyqırımını Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri kimi qiymətləndirərək indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.